İnsan həyatında davranışların haradan doğduğunu araşdıran bir çox tədqiqat göstərir ki, hər gündəlik seçimimizin arxasında iki mühüm mərkəz dayanır: qəlb və beyin. Beyin analiz etsə də, qəlb yönləndirir; qəlb hiss etsə də, beyin formalaşdırır. Bu iki mərkəz arasındakı tarazlıq isə insanın yetkinlik səviyyəsini müəyyən edən ən önəmli faktorlardan biridir. Çünki psixologiyada “şüurun üç mərhələdə dəyişməsi” konsepti – enerji, emosional durum və fiziki nəticə – insanın daxilində baş verən proseslərin necə bir-birinə təsir etdiyini göstərir. Məsələn, aparılan müşahidələrə görə emosional gərginlik yarandıqdan sonra bədəndə fizioloji dəyişikliklərin hiss edilməsi orta hesabla 20–40 dəqiqə, həyat şəraitində real davranış dəyişikliklərinin görünməsi isə bir neçə gün və ya həftə çəkir.
İnsan davranışının mərkəzində duran “niyyət” əslində qəlb ilə beyin arasında keçid nöqtəsidir. Qəlb hiss etdiklərini ötürür, beyin həmin hissələrin formasını qurur, əməl isə bunun nəticəsini göstərir. Ruhşünaslıqda qəbul edilir ki, astral (enerji) dəyişiklik insanda dərhal hiss olunur, mental dəyişiklik daha gec, fiziki dəyişiklik isə ən gec ortaya çıxır. Bu, gündəlik həyatda çox aydın görünür: bir insanın həsəd, qorxu və ya sevgi hiss etməsi cəmi bir neçə saniyə çəkir, lakin beynin həmin hissəyə uyğun qərar formalaşdırması bir neçə dəqiqə, əməldə görünməsi isə daha uzun zaman tələb edir.
Elə bu səbəbdən sevgi mərhəmətli davranışı, qorxu müdafiəkar yanaşmanı, həsəd dağıdıcı impulsları, inanc isə fədakarlığı doğurur. Beyin bu hisslərin hər birini şərh edir, amma hissin özünü yaradan qəlbdir.
Psixoloji analizlər göstərir ki, insanlar üç əsas davranış tipinə bölünür: daha çox məntiq yönümlülər, daha çox hiss yönümlülər və qəlb–beyin balansına nail olan yetkin şəxslər.
Məntiqi profildə olan insanlar qərarlarının təxminən 70%-ni analiz və planlaşdırmaya əsaslanaraq verirlər. Onlarda soyuq düşüncə üstünlük təşkil edir. Emosional profildə olanlarda isə davranışların təxminən 60–75%-i hiss yönümlüdür, yəni spontanlıq, təsir altında qərar vermə ehtimalı daha yüksəkdir.
Ruhən yetkin insanlarda isə bu iki mərkəz paralel işləyir: qəlb niyyət yaradır, beyin onu ən sağlam forma ilə həyata keçirir. Davranış həm vicdanlı, həm də düşünülmüş olur. Araşdırmalara görə bu balansı qoruya bilən insanlar konfliktli situasiyalarda digərlərinə nisbətən 3 dəfə daha az impulsiv reaksiya göstərirlər.
Emosional insanların çətinliyi hissləri boğmaqda deyil, hisslərin səsini zehinin məsləhətindən yüksək qoymaqda ortaya çıxır. Onlar çox zaman beynin təcrübədən gələn xəbərdarlıqlarını “kənara atır”, çünki qəlb daha yüksək emosional siqnal göndərir. Bu isə qərarsızlıq, sonradan peşmanlıq və daxili yorğunluq yaradır.
Psixoloqlar bu durumu “qəlb-beyin diskursu” adlandırır və bildirir ki, emosional insanların təxminən 40%-i qərar zamanı hissləri məntiqlə tarazlaya bilmir. Bu tarazlıq isə yalnız ruhsal yetkinliklə formalaşır — insan həm hisslərini tanıyır, həm onları dəyərləndirir, həm də beyinlə birlikdə optimal davranış seçir.
Əxlaq təkcə davranış deyil, üç mərhələli bir prosesdir: qəlbdə başlayır, beyində formalaşır və əməl ilə görünür. İnsan nəyin doğru olduğunu hiss edir, zəkası ilə həmin doğruluğun formasını qurur, nəticədə davranışda dəyər öz əksini tapır. Burada önəmli olan sualların cavabını eqoda (nəfslə) və kibrdə axtarmamaqdır. Dəyərlərdir ki insanı doğru istiqamətə yönəldir; eqo və kibr isə insanı müdafiə reaksiyasına sürükləyir və cığırdan çıxarır.
İnsanın qəlbi saf niyyətlərlə açılır və qorxularının suallarına işıq tutur - cavab tapır - sakitləşir. Ən saf niyyət isə imandadır. Təslimiyyət zəiflik deyil, daxili müqavimətin azalmasıdır. Bu azalma isə həm enerji axınını bərpa edir, həm şüuru yumşaldır, həm də bədən və həyat şəraitində real dəyişikliklərin yolunu açır. Yetkinlik məhz buradan başlayır: qəlb və beyin bir-biri ilə mübarizə aparmır, əməkdaşlıq edir.
İnsan verdiyi qərarlarında bu tarazlığı qoruduqca davranışları da, dəyərləri də daha təmiz görünür. İnsanın həqiqi inkişafı onun daxilində – niyyətində, hisslərində və düşüncəsində baş verir. Bu üçü bərabər işləyəndə isə əməldə harmoniya yaranır: məntiq də, hiss də, dəyər də öz yerini tapır.