Almaniyada istehsalçı qiymətləri 2025-ci ilin oktyabrında illik müqayisədə 1.8% azalaraq ardıcıl səkkizinci ay enişini davam etdirdi. Bu göstərici sentyabrın -1.7%-lik səviyyəsindən bir qədər çox olsa da, bazarın -1.9%-lik proqnozundan zəif düşmə ilə nəticələndi. Enmənin əsas səbəbi enerji qiymətlərindəki 7.5%-lik ucuzlaşma oldu. Enerji səbətində ən kəskin düşüş təbii qazda (-12.1%) və elektrikdə (-8.3%) qeydə alındı.
Digər tərəfdən, istehsalın özündə xammal və yarımfabrikat dəyəri “sərinləşməni” davam etdirərək 0.5% azaldı. Amma istehlak mallarında vəziyyət əksinə idi: tez xarab olan məhsullar 2.3%, davamlı mallar 1.7%, kapital malları isə 1.9% bahalaşdı. Enerji çıxılmaqla istehsalçı qiymətləri 0.8% artdı. Aylıq göstəricidə də gözlənilməz dinamika yaşandı – indeks oktyabrda 0.1% artdı, halbuki bazar onun dəyişməz qalacağını proqnozlaşdırırdı.
Danimarka 2025-ci ilin üçüncü rübündə son dörd ilin ən güclü artım tempini göstərərək iqtisadiyyatı rüblük 2.3% böyütdü. Bu, əvvəlki rübdə yenilənmiş 1.2%-lik artımdan xeyli yüksəkdir. Artımın təməlini ölkənin farmaseptika sənayesi qoyub, həm sənaye istehsalında, həm də ixracda nəzərəçarpan sıçrayış yaradıb.
İxrac rüblük 4.1% artaraq Danimarkanın tarazlığına güclü dəstək verib, idxal isə 0.2% azalıb. Dövlət xərcləmələri də artım trayektoriyasına daxil olub – 0.9%, həmçinin investisiyalar 0.1% genişlənib. Yaşayış mənzillərinə qoyulan investisiya 1.9% artaraq əvvəlki enişi kompensasiya edib. İllik əsasda isə Danimarka ÜDM-i 3.9% yüksəlib, bu da ilin ən yüksək göstəricisidir.
İsveçrənin ticarət profisiti oktyabrda 2.6 milyard frank təşkil edərək son 5 ayın ən zəif nəticəsini göstərdi. Bunun səbəbi idxalın 0.2% artması, ixracın isə 0.3% azalması oldu. Xüsusilə avtomobil idxalı 5.5%, metallar 1% bahalaşdı, Avropadan ümumi idxal isə 1.4% yüksəldi.
Asiyadan idxalda isə azalma müşahidə edildi: Çin və Yaponiyadan alışlar geriləyərək ümumilikdə 2.5% düşüş göstərdi. İxracın azalmasına ən çox təsir edən kateqoriyalar dəqiqlik alətləri (-3%) və ziynət əşyaları (-13.6%) oldu. ABŞ-a ixrac isə sentyabrda qeydə alınan 42.1%-lik sıçrayışdan sonra oktyabrda 5.5% gerilədi. ABŞ-ın tarifləri 39%-dən 15%-ə endirməsi, gələcək aylarda İsveçrə istehsalçıları üçün müsbət dönüş yarada bilər.
İspaniyanın ticarət balansı 2025-ci ilin sentyabrında 6 milyard avroluq kəsir göstərərək ilin ən geniş mənfi fərqinə çatdı. Ötən ilin eyni dövründə bu rəqəm 3.29 milyard avro idi. Kəsirin artmasına idxalın 10.1% yüksəlməsi səbəb oldu. Ən böyük payı avadanlıq malları (17.8%), kimya məhsulları (11.4%) və ərzaq-tütün qrupu (12.6%) təşkil etdi.
İspaniya idxalını ən çox ABŞ (22.1%), Fransa (16%) və Çin (10.1%) istiqamətində artırdı. İxrac isə 2.6% artaraq 32.4 milyard avroya çatdı. Xüsusilə istehlak malları satışında 10.8%, xammal ixracında isə 43.7% artım qeydə alındı. Bununla belə, Böyük Britaniyaya göndərişlər 6.6% azalıb.
Bu dörd ölkənin göstəriciləri birlikdə Avropanın iqtisadi mənzərəsində üç əsas tendensiyanı ortaya çıxarır:
1. Qiymət təzyiqləri zəifləyir, amma təkcə enerjiyə bağlıdır. Almaniyada enerji ucuzlaşması bahalaşmanı əngəlləsə də, istehlak mallarındakı artım inflyasiyanın tam dayanmadığını göstərir.
2. Şimal iqtisadiyyatları daha dayanıqlıdır. Danimarkanın farmaseptika sürəti Avropa daxilində innovasiya yönümlü ölkələrin böyümə üstünlüyünü yenidən təsdiqləyir.
3. Xarici ticarətdə risklər artır. İsveçrədə zəifləyən ixrac və İspaniyada genişlənən kəsir qlobal ticarətin yavaşlamasının regiona təsir etdiyini göstərir.
Ümumilikdə mənzərə belədir: Avropanın iqtisadi ritmi yekcins deyil – bəzi ölkələrdə “sürətlənmə”, digərlərində isə “tənəzzül siqnalları” daha qabarıq hiss olunur. Bu fərqli dinamikalar qarşıdakı dövrdə Avropa siyasətçiləri üçün daha mürəkkəb qərar tarazlığı tələb edəcək.