ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müşavirləri onun tarif siyasətini yenidən nəzərdən keçirməyi planlaşdırırlar. Mənbələrə əsasən, Trampın komandası tariflərin bütün ölkələrə bərabər tətbiq olunmasını istəyir, lakin yalnız ABŞ-ın təhlükəsizliyi üçün vacib önəm daşıyan idxal kateqoriyalarına təsir etməyi nəzərdə tuturlar.
Hal-hazırda tariflərin tətbiq olunacağı idxal mallarının siyahısı dəqiq şəkildə müəyyən edilməyib. Lakin müzakirələrdə Trampın komandası daha çox hərbi-sənaye kompleksi, tibb və energetika sahələrinə diqqət yetirir.
Bununla yanaşı, tarif tətbiq etmə planlarının qlobal ticarət sisteminə təsiri böyük ola bilər. Bu, həm istehlakçılar, həm də bizneslər üçün daha yüksək qiymətlərin yaranmasına səbəb ola bilər.
Çin və digər ölkələrdən məhsul idxalına əlavə tariflərin tətbiqi, Trampın müzakirə etdiyi əsas məsələlərdən biridir. Son açıqlamalarında Tramp Çin mallarına 10% əlavə tarif tətbiq etməyi planlaşdırır. Buna kimi isə söhbət 60-100% arasında tariflərin tətbiq edilməsindən gedirdi. Həmçinin Tramp digər ölkələrdən idxala 10% əlavə rüsum tətbiq etməklə hədələmişdi ki, sonradan bu, Meksika və Kanadaya tətbiq edilməsi planlaşdırılan 25%-lik tarif ilə məhdudlaşdırılıb.
Bütün bunlar hazırda dolların məzənnələrində aşağı düzəlişlərə səbəb olmaqdadır, çünki son aylar dünyada siyasi və iqtisadi risklərin artması fonunda güvənli liman maliyyə aləti kimi dollar ciddi tələb görürdü.