Avronun dollara qarşı məzənnəsi 1.0224 USD səviyyəsinə düşərək, 2022-ci ilin noyabrından ən aşağı həddə çatıb. Bu azalma Avropanın iqtisadi perspektivləri ilə bağlı narahatlıqlar və ABŞ iqtisadiyyatına dair nikbinlə əlaqələndirilir. Avropada, xüsusilə Almaniya və Fransada siyasi qeyri-sabitlik və struktur problemlər iqtisadi artım gözləntilərini aşağı çəkir. Eyni zamanda, Donald Trampın mümkün ticarət tarifləri ticarət müharibəsi riskini artıraraq, Avropanın iqtisadi mənzərəsini daha da pisləşdirir. Bununla yanaşı, Avropa Mərkəzi Bankının (ECB) ehtiyatlı siyasəti avroya dəstəyi azaldır, Federal Ehtiyat Sisteminin (FED) isə inflyasiya riskləri səbəbindən faiz dərəcələrini gözləniləndən daha az azaltması dolları gücləndirir.
Avrozona və ABŞ arasında cari şəraitdəki fundamental fərqlər EURUSD məzənnəsinin 15%-ə kimi aşağı qiymətləndirilməsinə əsas verir. ECB-nin uçot faiz dərəcəsi artıq 3.15%-ə çatır ki, FED hələ ki 4.5%-ə kimi endirim edib. Bundan əlavə, illik iqtisadi inkişaf Avrozona üzrə 0.9% ilə heç 1%-ə çatmır. ABŞ-da isə 2.7% ilə rekord böyümə rəqəmləri iqtisadçılar heyran qoymaqda davam edir. İnflyasiya isə Avrozonada ortalama 2% civarında olmaqla, ABŞ-da yüksək istehlak əhval-ruhiyyəsi fonunda 3%-ə çatır. Bu, dollara təzyiq edən amil olsa da digər tərəfdən 4.2% ilə Amerikada tam işsizlik hökm sürür və bu, iqtisadi riksləri daşımağa imkan verir. Avro üzrə son işsizlik səviyyəsi 6.3% açıqlanıb.
Beləliklə, EURUSD məzənnəsi uzun müddətli perspektivdə 0.90$ qiymətləndirilsə də orta müddətli perspektivdə 1.03$ üzərində cari şəraitdə maksimum 1.0340-a kimi yuxarı korreksiya edə biləcəyi proqnozlaşdırılır.
Bu minvalda gələn həftə dərc ediləcək Avrozona ölkələri tərəfindən inflyasiya və ABŞ-dan əmək bazarı üzrə statistik göstəricilər diqqət mərkəzində olacaqdır. FOMC-nin toplantı protokolu da önəmli rol oynayacaqdır.