Yaponiyanın səhm bazarlarında rekordan sonra tənəffüs baş verdi. Çərşənbə axşamı ticarət sessiyasında Nikkei 225 indeksi 0.4% azalaraq 52 200 punkta, daha geniş Topix indeksi isə 0.5% geriləyərək 3 315 punkta düşüb. Bu eniş uzun istirahət günlərindən sonra investorların ehtiyatlı davranması və qlobal bazarlardakı qarışıq siqnallar fonunda baş verib.
Yaponiyada səhmlərin zəifləməsində əsas amillərdən biri ABŞ bazarlarının fərqli istiqamətdə hərəkət etməsi olub. Amazonun OpenAI ilə 38 milyard dollarlıq əməkdaşlıq sazişi ABŞ-da süni zəka dalğasını yenidən gücləndirsə də, bu nikbinlik Tokio bazarına keçməyib. Üstəlik, ABŞ iqtisadiyyatında zəif göstəricilər və Federal Ehtiyat Sistemi (FED) siyasəti ilə bağlı qeyri-müəyyənlik investor əhvalını bir qədər soyudub.
Analitiklər bildirir ki, bazardakı enişin bir hissəsi qazanc realizasiyası ilə bağlıdır. Yəni investorlar son həftələrdəki rekord artımdan sonra mənfəətlərini nağdlaşdırmağa başlayıblar. Nəticədə əsas sənaye və texnologiya şirkətləri itkiyə məruz qalıb: SoftBank Group 1.9%, Advantest 4%, Mitsubishi Heavy Industries 1.5%, Hitachi 1.3%, Mitsubishi UFJ 1% dəyər itirib. Bu, bazarın yüksək nöqtədən qısamüddətli korreksiya mərhələsinə girdiyini göstərir.
İnvestorlar indi bu həftə açıqlanacaq sentyabr ayı əməkhaqqı və ailə xərcləri göstəricilərinə diqqət yetirir. Bu məlumatlar ölkənin istehlak potensialı və iqtisadi ritmini dəyərləndirmək üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Yaponiya Bankı sentyabr iclasının protokolunu dərc edəcək və bazarlar burada dekabrda mümkün faiz artımı siqnallarını axtaracaq.
Yapon səhm bazarı üçün bu geriləmə panika deyil, daha çox təbiidir korreksiya kimi dəyərləndirilir. İqtisadi göstəricilər və monetar siyasət istiqaməti aydınlaşana qədər investorlar daha seçici davranmağa üstünlük verirlər. Uzunmüddətli baxışda isə Yaponiya hələ də texnoloji və sənaye sektoru sayəsində qlobal bazarların əsas dayaqlarından biri olaraq qalır.
Qısası, Tokio bazarı indi “geri çəkilərək” növbəti sıçrayış üçün mövqe tutur.