Dörd günlük artımdan sonra neft bazarında yenidən eniş müşahidə olunur. Çərşənbə axşamı WTI markalı xam neftin bir barel fyuçers qiyməti 60.8 dollar səviyyəsinə düşüb. Qiymətlərin azalması OPEC+ ölkələrinin hasilat artımlarını gələn ilin əvvəlində dayandırmaq qərarına baxmayaraq, bazarda artıq təkliflə bağlı narahatlıqların davam etdiyini göstərir.
Kartel dekabrda kiçik hasilat artımı həyata keçirsə də, yanvar–mart dövründə əlavə artımı donduracağını açıqlayıb. Bu qərar mövsümi tələbin zəifləməsini və potensial bazar artıqlığını nəzərə alaraq qəbul olunub. Analitiklər bildirirlər ki, bu addım bazara sabitlik gətirməyi hədəfləsə də, 2026-cı ildə qlobal təklifin yenidən artacağı gözləntiləri investorların ehtiyatlı qalmasına səbəb olub.
Buna baxmayaraq, bəzi risklər qiymətlərin daha da enməsinin qarşısını alır. ABŞ-ın Rusiyanın Rosneft və Lukoil şirkətlərinə qarşı sanksiyaları sərtləşdirməsi, həmçinin Ukraynanın Tuapse limanında Rosneft zavoduna dron hücumu enerji təchizatında gərginlik yaradır. Hadisə nəticəsində bir tanker alovlanıb, bir neçə yükləmə terminalı fəaliyyətini dayandırıb. Bu kimi hadisələr bazarda siyasi və təhlükəsizlik risklərinin hələ də canlı olduğunu göstərir.
Hazırda neft qiymətləri üçün vəziyyət ikili istiqamətdə dəyişir — təklif artımı ucuzlaşma təzyiqi yaradır, lakin geosiyasi risklər və sanksiyalar qiymətlərin kəskin düşməsinin qarşısını alır. İqtisaçdılar hesab edir ki, qlobal enerji bazarı 2026-cı ilin ilk yarısında artıq təklifi daha aydın hiss edə bilər. Hələlik isə OPEC+ üçün əsas məqsəd, sakit, amma nəzarət altında bazar mühiti saxlamaqdır.
Neft qiymətlərinin 60 dollar ətrafında qərarlaşması qlobal enerji sektorunda “qısa fasilə” kimi görünür. Həm hasilat siyasəti, həm də geosiyasi risklər balansı dəyişdirməyə qadirdir. Bir sözlə, OPEC+ fasilə verir, amma bazar hələ nəfəs almır — çünki hər yeni hadisə neftin istiqamətini yenidən dəyişə bilər.