ABŞ-dan açıqlanan müsbət ÜDM və işsizlik müavinətləri göstəriciləri dolların güclənməsinə səbəb oldu. EUR/USD 1.1650, GBP/USD isə 1.3330 səviyyəsinə qədər gerilədi. Eyni vaxtda USD/JPY məzənnəsi 149.90 həddinə qədər yüksəldi. Bu dinamika treyderlərin diqqətini növbəti həftə dərc olunacaq əsas göstəricilərə – ABŞ-ın işsizlik və qeyri-kənd təsərrüfatı sahələrində məşğulluq (NFP) rəqəmlərinə yönəldib. Analitiklərə görə, bu məlumatlar dolların gücünü qoruyub-qorumayacağını müəyyən edəcək əsas faktor olacaq.
Avro, funt və yenin təzyiq testi
Texniki analizlər göstərir ki, avro son bir ayın orta qiymətindən uzaqlaşa bilmir, yəni kəskin ucuzlaşma baş versə də bazis göstəricilər sabit qalır. Funt sterlinqdə də oxşar mənzərə müşahidə olunur. Yapon yeni isə avqust zirvəsinə – 151 yenə çox yaxınlaşsa da bu həddi qıra bilməyib. Bu, yenin avro və funt sterlinqlə müqayisədə daha güclü təzyiq altında olduğunu göstərir. Analizlərə görə, avro 1.1720, funt isə 1.3420 səviyyəsini yuxarı qırarsa, ən azı 700 pipslik bahalaşma imkanı var. USD/JPY isə 149 dəstəyini qırarsa, dolların 148 yenə qədər dəyər itirməsi ehtimal olunur.
Qızıl və kripto bazarında “sakit” yüksəliş
Əlvan metallar bazarında qızıl 3720 dollar dəstəyini yoxlasa da, yüksələn trendi qoruyur. Tarixi 3791 dollar zirvəsi qırılarsa, qiymətin 3812 dollara qədər bahalaşması mümkündür. Kriptovalyuta bazarında isə bitkoin 109 000 dollara qədər geriləsə də, yuxarı trend çərçivəsində qalır. 109 800 dolların üzərində möhkəmlənərsə, 112 000 dollara kimi yüksəliş ehtimalı ön plana çıxır. Bu vəziyyət treyderlərə bazarın dərin korreksiya keçirmək əvəzinə qısamüddətli dəstək səviyyələrini yoxladığını göstərir.
Nasdaq-ın zirvə mübarizəsi
ABŞ fond bazarında NASDAQ sentyabrın əvvəlindən başlayan yüksəliş fonunda ilk dəfə orta qiymətin altına enib. Sonrakı sessiyalarda 24 200 punktda dəstək görən indeks 24 500 həddinə kimi bahalaşdı. Lakin analitiklərə görə, FED-in faiz endirimi ehtimallarının azalması şəraitində NASDAQ-ın bu səviyyənin üzərində möhkəmlənməsi üçün ciddi fundamental əsaslar lazımdır. Hazırda indeks 24 800 punktda – tarixi zirvənin altında mövqelənib.
Gözlər növbəti həftəyə dikilir
Bazarlar hazırda üfüqi trend daxilində dalğalanır. Valyuta cütlüklərində dolların gücü, qızıl və bitkoində dəstək səviyyələri, NASDAQ-da zirvə mübarizəsi treyderlərin gələn həftə açıqlanacaq NFP və işsizlik rəqəmlərinə qədər əsas istinaddir. Bu göstəricilər investor davranışını dəyişdirsə, həm valyuta, həm də səhm bazarlarında kəskin hərəkətlər qaçılmaz ola bilər.