Dollar indeksi ardıcıl iki sessiya qalxaraq 98.4 səviyyəsindən yuxarıda möhkəmləndi. İnvestorlar indi FED-in önəm verdiyi inflyasiya göstəricisi olan PCE qiymət indeksinin açıqlanmasını gözləyir. Bu göstərici ABŞ monetar siyasətinə dair yeni ipucları verə bilər.
Son iqtisadi məlumatlar ABŞ iqtisadiyyatının hələ də güclü olduğunu göstərir. Həftəlik işsizlik müraciətləri 14 min azalaraq 218 minə düşüb ki, bu da proqnozlardan xeyli aşağıdır. Bu, şirkətlərin işçiləri ixtisar etməkdə tərəddüd etdiyini göstərir. İkinci rüb üçün yenilənmiş ÜDM rəqəmləri də illikləşdirilmiş 3.8 % artım tempini üzə çıxarıb – bu, son iki ilin ən yüksək sürətidir və əsasən güclü istehlak xərcləri ilə dəstəklənib.
Bazarlar hələ də oktyabrda 25 bəndlik (0,25 faiz bəndi) faiz endirimi gözləsə də, ilin qalan hissəsi üçün ümumi yumşalma proqnozu 43%-dən 39%-ə endirilib. Yəni investorlar daha az aqressiv faiz endirimi gözləyir. Güclü iqtisadi göstəricilər dollara dəstək verərək onu əsas valyutalara qarşı möhkəmləndirib. Dollar indeksi həftəlik təxminən 1% artım yolundadır – bu, son iki ayın ən güclü həftəlik yüksəlişidir.
Fundamental baxımdan ABŞ-ın güclü iqtisadiyyatı və inflyasiyanın yüksək qalması Fed-in ehtiyatlı hərəkət etməsinə səbəb ola bilər. Bu isə dolların yaxın aylarda əsas dəstək səviyyələrinin üzərində qalmasını şərtləndirə bilər. PCE inflyasiyası da gözləntiləri üstələsə, bazarlar daha az faiz endirimi qiymətləndirər və bu, dolları yenidən 100 səviyyəsinə yaxınlaşdıra bilər.
Texniki tərəfdən qrafikdə may ayından bəri davam edən eniş trendi aydın görünür. Son günlərdə indeks 97–96 dəstək zonasından yuxarı sıçrayıb. Əgər göstərici 98,5–99 aralığını aşarsa, qısa müddətdə 100 – 102 səviyyəsinə doğru yeni yüksəliş dalğası başlaya bilər. Əksinə, dəstək yenidən sınanarsa, 96 səviyyəsi həlledici olacaq və onun altına eniş bazarda yeni düşüş impulsu yarada bilər.
Güclü iqtisadi məlumatlar fonunda dollar indeksi yenidən diqqət mərkəzindədir. Fed-in oktyabr qərarı və PCE inflyasiya rəqəmləri bazarların növbəti istiqamətini təyin edəcək əsas siqnallar olacaq. İndiyə kimi göstəricilər dolların hələ də möhkəm dəstəyə malik olduğunu və investorların diqqətinin yaxın həftələrdə məhz ABŞ iqtisadiyyatı və Fed siyasətində olacağını göstərir.