Dünya maliyyə bazarlarında bu həftənin əvvəlindən etibarən diqqət qızıl və dolların dinamikasına yönəlib. ABŞ valyutasının təzyiq altında qalması nəticəsində dəyərli metal tarixi maksimum həddini yeniləyib. Belə ki, ötən gün qızılın bir unsiyası 3686 dollardan 3748 dollara qədər bahalaşıb. Bu gün səhər isə qiymət 3759 dollara yüksələrək yeni rekord müəyyən edib. Paralel olaraq EURUSD valyuta cütlüyü də güclənib: bazar ertəsi 1.17260 səviyyəsindən bahalaşmağa başlayan məzənnə bu gün 1.18200 səviyyəsinədək artıb.
Əks istiqamətdə isə neft bazarında qiymətlər eniş tendensiyasını davam etdirir. İraqdan tədarüklərin artacağı barədə xəbərlər “Brent” markalı neftin qiymətini bir barel üçün 65.95 dollara qədər gerilədib. Bağdadın Kürdüstanın regional hökuməti ilə əldə etdiyi razılaşmaya əsasən, tezliklə bu bölgədən gündə təxminən 230 min barel neftin bazara qayıdacağı gözlənilir. Bu, iki ildən artıq davam edən fasilədən sonra baş verir və ixrac mexanizmləri ilə gəlirlərin bölüşdürülməsindəki fikir ayrılıqlarının yumşalması kimi dəyərləndirilir.
İraq avqust ayında “OPEC+” sazişi çərçivəsində gündəlik ixracını orta hesabla 3.38 milyon barelə yüksəldib. Dövlət neft satış şirkəti “SOMO” isə sentyabrda bu rəqəmin 3.4–3.45 milyon barelə çatacağını proqnozlaşdırır. Bununla belə, Yaxın Şərqdə gərginliyin eskalasiya riski və Rusiya neftinə qarşı sanksiyaların sərtləşdiriləcəyi ehtimalları qiymətlərə müəyyən dəstək göstərməkdə davam edir.
ABŞ-da inflyasiya göstəricilərinin açıqlanması ərəfəsində investorlar Federal Ehtiyatlar Sisteminin (FED) üzvlərinin açıqlamalarını təhlil edirlər. FED İdarə Heyətinin üzvü Stiven Miran əsas faiz dərəcəsinin həddindən artıq yüksək olduğunu, ölkənin əmək bazarını qorumaq üçün onu daha kəskin şəkildə azaltmağın vacibliyini bildirib. Ötən həftə ABŞ mərkəzi bankı uçot faiz dərəcəsini 25% endirsə də, Miran bu göstəricinin dərhal 50% azaldılmasını dəstəkləyən yeganə səs olub.
Sent-Luis FED rəhbəri Alberto Musalem və Atlanta FED rəhbəri Rafael Bostik isə 25%-lik endirimi “haqlı addım” adlandırıblar. Onların sözlərinə görə, inflyasiyanın hədəflənən 2%-ə endirilməsi, FED üçün prioritet olaraq qalır. Bu açıqlamalar maliyyə bazarlarında gözləntiləri formalaşdıraraq dolların zəifləməsinə və fond bazarlarında risk iştahının artmasına şərait yaradıb.
ABŞ fond bazarı həftəyə yüksəlişlə başlayaraq üç əsas indeksdə tarixi maksimumları yeniləyib. Texnoloji nəhəng “Apple Inc.”-ın səhmləri 4.3% bahalaşıb. Şirkət yeni “iPhone 17”-nin böyük ilkin sifarişləri fonunda təchizatçılardan əsas versiyanın istehsalını 30% və ya daha çox artırmağı xahiş edib. “Nvidia Corp.”-un səhmləri 3.9% yüksəlib. Çip istehsalçısı “OpenAI” ilə strateji tərəfdaşlıq sazişi imzalayaraq, ən azı 10 QVt gücündə süni zəka infrastrukturu qurmaq üçün 100 milyard dollara qədər sərmayə yatırmağı planlaşdırır.
“Oracle Corp.”-un kapitallaşması 6.3% artıb. Şirkət rəhbərliyindəki dəyişikliklər – Safra Katzın Direktorlar Şurasının icraçı müavini vəzifəsinə keçməsi, onun yerinə Kley Makvayer və Mayk Siciliyanın baş icraçı direktorlar təyin olunması – bazar iştirakçıları tərəfindən müsbət qarşılanıb.
Gözlər növbəti çıxışlarda və göstəricilərdə
Bu gün investorların diqqət mərkəzində ABŞ prezidenti Donald Tramp və FED rəhbəri jerom Povelin çıxışları olacaq. Həmçinin Almaniyada, Avrozonada, Böyük Britaniyada və ABŞ-da açıqlanacaq sənaye və xidmət sektorları üzrə Biznes Aktivliyi İndeksi (PMI) göstəriciləri də bazarların növbəti istiqamətini müəyyənləşdirəcək. Maliyyə bazarlarında isə əsas fokus dolların zəifliyi fonunda qızılın yeni rekordları, neft bazarındakı təklif artımı və FED-in növbəti addımları üzərində qalır.