Yarımkeçirici bazarında gözlənilməz, amma təsirli bir addım atıldı: NVIDIA İntelə 5 milyard dollar sərmayə yatıraraq onu ən böyük xarici səhmdarlardan birinə çevirdi. Bu addım ABŞ hökumətinin İntelə 5.7 milyard dollarlıq dəstəyindən cəmi bir neçə həftə sonra gəldi. Dövlətin və dünyanın ən iri GPU istehsalçısının eyni anda İntelin arxasında dayanması, şirkətin səhmlərini cəmi bir gün ərzində 25 faiz bahalaşdırdı. Bu, sadəcə çətin vəziyyətdə olan texnologiya nəhənginə “can suyu” vermək deyil, daha böyük strateji oyunun başlanğıcıdır.
İstehsaldan süni zəkaya – iki nəhəngin yeni planı
Intel uzun illərdir prosessor sahəsində lider olsa da, son dövrdə 7 nanometrlik və daha incə istehsal proseslərində geri qalmışdı. "NVIDIA"-nın sərmayəsi təkcə səhmlər deyil; iki şirkət növbəti nəsil çipləri birgə hazırlayacaq. Söhbət yüksək sürətli, proprietar interkonekt texnologiyaları – məsələn, "NVIDIA"-nın "NVLink"-i ilə Intel "CPU"-larının birləşdirilməsindən gedir. Bu, həm süni intellekt serverləri, həm də gələcək nəsil kompüter sistemləri üçün ciddi performans artımı vəd edir. Faktiki olaraq, NVIDIA bleeding-edge GPU sahəsindəki üstünlüyünü "Intel"-in “core” istehsal imkanları ilə birləşdirir.
ABŞ hökuməti də bu strategiyanın vacib hissəsidir. CHIPS Act çərçivəsində ayrılan milyardlarla dolların Intel kimi yerli istehsalçılara yönləndirilməsi məqsəd qoyur ki, ABŞ texnologiyanın ən önəmli hissələrini öz daxilində saxlasın. Dövlətin sərmayəsi ilə yanaşı, "NVIDIA"-nın 5 milyard dollarlıq payı "Intel"-i bir anda həm siyasi, həm texnoloji, həm də maliyyə baxımından çox güclü mövqeyə gətirir
Rəqiblər üçün xəbərdarlıq zəngi
Bu üçtərəfli güc oyunu – dövlət siyasəti, innovasiya nəhəngi və sənaye istehsalı – bazarın qalan hissəsinə ciddi siqnal verir. Tayvanın TSMC şirkəti illərdir dünyanın ən qabaqcıl çiplərini istehsal edir, AMD isə "Intel"-in zəiflədiyi dövrdə CPU bazarında payını artırmışdı. İndi isə Intel “köhnə nəhəng” imicindən çıxaraq NVIDIA ilə birlikdə AI etiketli, dövlət dəstəyi olan yeni bir istehsal gücünə çevrilir. Bu, həm Asiyadakı istehsal modellərinə, həm də qlobal çip müharibəsinə təsir edəcək. Analitiklər artıq TSMC və "Samsung"-un öz strategiyalarını yenidən gözdən keçirməli olacağını deyirlər; Çin və Huawei isə öz istehsalını sürətləndirməyə çalışır.
Yeni çip müharibəsinin konturları
Nəticədə, süni zəka dövründə çip müharibəsi təkcə innovasiya və ölçü ilə deyil, həm də ittifaqlar və milli strategiyalarla aparılır. Intel üçün bu, uzun illər sonra yenidən qlobal liderlik şansıdır; NVIDIA üçün isə "GPU"-lardan kənara çıxıb, CPU və istehsal zəncirində real pay qazanmaq fürsəti. ABŞ hökuməti isə beləliklə texnoloji suverenliyini möhkəmləndirir.
Bütün bu proses göstərir ki, yarımkeçirici sənayesi indi təkcə texnologiya yarışı deyil, həm də geosiyasi və sənaye siyasəti yarışıdır. NVIDIA-Intel ittifaqı bu yeni mərhələnin ilk böyük nümunəsidir və qarşıdakı illərdə TSMC, Samsung, Huawei və digər oyunçuların cavab addımları daha da maraqlı olacaq.