Yaponiyadan 20 noyabr 2024-cü il tarixində dərc edilən ticarət balansı, ixrac və idxal göstəriciləri ölkənin iqtisadi vəziyyəti və gələcək perspektivləri haqqında vacib məlumatlar təqdim edir. Bu göstəricilər həm də qlobal valyuta bazarına təsir edərək, USDJPY məzənnəsinin istiqamətini müəyyən edə bilər. Yazımızda bu göstəriciləri ətraflı təhlil edəcəyik və məzənnənin texniki analizi ilə birgə potensial proqnoz təqdim edəcəyik.
Ticarət balansı: Mənfi meyillər güclənir
Oktyabr ayı üçün Yaponiyanın mövsümi düzəliş edilmiş ticarət balansı -0.36 trilyon yenlə proqnozları (-0.15T) aşdı. Bu, əvvəlki ayın -0.27T nəticəsindən də pis göstəricidir. Mövsümi düzəliş olunmamış ticarət balansı isə -461.2 milyard yenlə (-360.4B gözləntilərinə qarşı) daha da mənfiyə doğru irəliləmişdir. Bu rəqəmlər Yaponiyanın idxal və ixrac arasındakı fərqinin artdığını göstərir, hansı ki, əsasən zəif daxili tələbat və artan xammal qiymətləri ilə izah olunur.
İxracın illik artımı: Gözləntilərdən yüksək
Oktyabrda Yaponiyanın ixracı illik 3.1% artaraq 2.2% proqnozunu üstələmişdir. Bu müsbət dinamika avtomobil və elektronika sektorlarında yüksək tələbatla əlaqələndirilir. Lakin ixracın ötən ilin eyni dövrü ilə müqayisədə hələ də zəif templə böyüdüyü qeyd olunur. Bundan əvvəlki dövr üçün isə ixrac göstəricisi -1.7% azalma qeydə alınmışdı.
İdxal artımı: Stabilləşmə siqnalları
İdxal göstəricisi oktyabr ayında illik 0,4% artaraq proqnoz edilmiş -0.3% azalmadan daha yaxşı nəticə göstərmişdir. Əvvəlki ayda 1.8%-lik artımla müqayisədə müəyyən stabilləşmə müşahidə edilir. Bu artım əsasən enerji və istehlak mallarına olan tələbatla izah edilir, lakin Yapon yeninin zəifləməsi idxal xərclərini artıraraq iqtisadiyyata əlavə təzyiq yaradır.
USDJPY məzənnəsinə təsirlər və texniki analiz
Bu fundamental göstəricilər fonunda USDJPY məzənnəsi investorların diqqətini daha özünə çəkib. Yen zəifləməyə davam edir, çünki mənfi ticarət balansı və zəif iqtisadi göstəricilər Yapon Bankını (BOJ) stimullaşdırıcı monetar siyasətə bağlı saxlayır. Dolların möhkəmlənməsi də bu prosesə təkan verir. USDJPY məzənnəsi hazırda 154.54 səviyyəsi üzərində ticarət edilməkdə davam edir. Bu səviyyənin üzərində qaldıqca, məzənnənin 156.12 və 157 müqavimət səviyyələrinə doğru yüksəlməsi proqnozlaşdırılır. 154.54 səviyyəsi aşağı istiqamətdə qırılarsa, məzənnə 153.80 və 152.50 dəstək səviyyələrinə enə bilər.
Yaponiya iqtisadi perspektivləri: Yenidən balanslaşdırma zərurəti
Yaponiyanın mənfi ticarət balansı və zəif iqtisadi artım göstəriciləri ölkənin qlobal iqtisadi mühitdə daha güclü rəqabət qabiliyyəti üçün struktur islahatlarına ehtiyacını önə çıxarır. Zəif yen ixrac üçün qısamüddətli üstünlük təmin etsə də yüksək idxal xərcləri inflyasiyanı artıraraq iqtisadiyyata mənfi təsir göstərir. USDJPY məzənnəsinin texniki göstəriciləri və Yaponiyanın iqtisadi siyasətində mümkün dəyişikliklər valyuta bazarlarında diqqətlə izlənməlidir.