Kanada dolları Amerika dolları ilə müqayisədə faiz və inkişaf fərqi fonunda ucuzlaşmaqda davam edir. Oktyabr ayının ortalarından etibarən 1.38 müqavimət səviyyəsini qıran USDCAD məzənnəsi, noyabrın əvvəlində 1.3950 civarında fasilə etsə də keçən həftə bahalaşmasını sürətləndirərək trendinə davam etməkdədir.
ABŞ-da inflyasiyanın yenidən artması və inkişaf göstəricilərinin 3%-ə yaxın olması, FED-in faiz endirimi ehtimallarını azaltmaqla bərabər, amerikan dollarının da güclənməsinə səbəb olur. Bu özünü USDCAD məzənnəsində də göstərməkdədir. Təkcə bank faizləri və inkişaf göstəricilərində deyil, Kanadada işsizlik səviyyəsi son 3 ayda 2 ilin maksimum səviyyəsinə - 6.5%-ə çatıb. Belə olan halda inflyasiyanın da 1.6% ilə hədəfin altında olması, Kanada Mərkəzi Bankının yumşaq faiz siyasətinin davam edəcəyini proqnozlaşdırmağa əsas verir. Bütün bunlar Kanada dollarının təzyiq altında qalacağını deməyə əsas verir. Bu gün Bakı vaxtı ilə saat 17:30-da Kanadadan dərc ediləcək inflyasiya göstəriciləri də bu baxımından önəmli rol oynayacaqdır.
Texniki analizlərə əsasən, 1.4030 önəmli dəstək səviyyəsidir və üzərində möhkəmlənə biləcəyi təqdirdə, məzənnə 1.4220 müqavimət səviyyəsinə kimi yüksəlməkdə davam edəcək, deyə proqnozlaşdırılır. Bu istiqamətdə 1.3950 də növbəti önəmli dəstək səviyyəsi rolunu oynayır.