ABŞ-da 10 illik xəzinə istiqrazlarının gəlirliliyi çərşənbə günü 4%-ə doğru geriləyib — bu, aprel ayından ən aşağı səviyyələrdən biridir. Federal Ehtiyat Sistemi (Fed) sədri Jerom Povelin zəifləyən əmək bazarına dair xəbərdarlıqları investorların daha çox faiz endirimi gözləntilərini gücləndirib. Hazırda bazarlar bu ay üçün 0.25 faiz endirimini demək olar ki, tam qiymətləndirib, dekabrda daha biri, 2026-cı ildə isə əlavə üç endirim ehtimal edilir. ABŞ hökumətinin davam edən “shutdown”-u nəticəsində əsas iqtisadi göstəricilərin açıqlanmaması isə vəziyyəti daha da qeyri-müəyyənləşdirib və investorları təhlükəsiz liman olan istiqrazlara yönəldib.
Dollar indeksi 99 səviyyəsinin altına enərək ardıcıl ikinci sessiyada geriləyib. Povelin “əmək bazarında ciddi zəifləmə var” xəbərdarlığı faiz endirimi proqnozlarını gücləndirərək, dolları zəiflədir. Bununla yanaşı, hökumətin bağlanması üzündən vacib makroiqtisadi məlumatların açıqlanmaması da valyutanın perspektivini dumanlaşdırdı. Dolların üzərində əlavə təzyiq yaradan amillərdən biri isə Tramp administrasiyasının Çinlə gərgin münasibətləri oldu: ABŞ prezidenti Pekinə qarşı “soya embarqosuna” cavab olaraq “yemlik yağ” (cooking oil) ixracına qadağa tətbiq edəcəyini bəyan etdi. Bu xəbər fonunda investorlar yen və avroya üstünlük verdi – xüsusilə Fransa hökumətinin pensiya islahatlarını dayandırmaq təklifi avronun mövqeyini gücləndirib.
Brent markalı neftin qiyməti çərşənbə günü 62 dollar/barel səviyyəsinə düşərək may ayından ən aşağı hədlərə yaxınlaşdı. Qiymətlərdəki azalma həm ABŞ-Çin arasında artan ticarət gərginliyi, həm də artan təklif qorxuları ilə əlaqələndirilir. Beynəlxalq Enerji Agentliyinin (IEA) son hesabatına görə, gələn il qlobal neft bazarı gündəlik 4 milyon barel həddində artıq təkliflə üzləşə bilər – bu da əvvəlki proqnozdan xeyli çoxdur. OPEC+ və digər istehsalçıların hasilatı artırması, tələbin isə zəif qalması bazarda balanssızlıq yaradır. Bu fon isə qlobal iqtisadi yavaşlamanın enerji tələbinə necə təsir edəcəyi suallarını artırır.
Qızıl qiymətləri çərşənbə günü 4 200 həddini aşaraq yeni rekord vurdu. Bu, həm investorların təhlükəsiz sığınacaq axtarışı, həm də Fed-in yumşaq monetar siyasətinə dair gözləntilərlə əlaqədardır. Povelin “zəif məşğulluq artıq iqtisadiyyatı risk altına alır” bəyanatı daha iki faiz endiriminin mümkünlüyünü artırdı. Paralel olaraq, Trampın Çinə qarşı “iqtisadi düşmənçilik” ittihamları qlobal bazarlarda gərginliyi bir qədər də artırdı. Hökumətin bağlanmasının iqtisadi aktivliyə mənfi təsiri barədə ABŞ rəsmilərinin etirafları isə investorların qızıla yönəlməsini daha da sürətləndirir.
Qlobal maliyyə bazarları bir daha klassik “risk-off” mərhələsinə keçib: istiqrazlar qalxır, dollar zəifləyir, neft düşür, qızıl parlayır. Fed-in pul-kredit siyasətinə dair açıqlamaları ilə Trampın kəskin geosiyasi bəyanatları birləşərək, investor psixologiyasında qarışıq siqnallar yaradır. Hökumətin “shutdown”-u davam etdikcə və ABŞ-Çin ticarət qarşıdurması dərinləşdikcə, 2025-ci ilin son rübündə bazarların əsas qayəsi sadə qalır — “təhlükəsizlik və likvidlik”.