ABŞ-dan bu gün açıqlanan iqtisadi göstəricilər, iqtisadiyyatın güclü və dayanıqlı olduğu xəbərini verir. Əldə olunan məlumatlar maliyyə bazarlarına əhəmiyyətli təsir göstərərək investorların diqqətini dollara yönəldir. Bəzi əsas göstəriciləri və onların təsirlərini təhlil edək.
Bu gün ABŞ-da açıqlanan ilkin işsizlik yardımı müraciətləri 217 min nəfər olub, gözləntilərdən (224 min) aşağıdır. Əvvəlki həftənin məlumatı isə 221 min idi. Bu, iş bazarında sabitliyə işarə edir, çünki işsizlər üçün yardım müraciətlərinin azalması, məşğulluğun yüksək olduğunu göstərir.
Bundan əlavə, davam edən işsizlik yardımı müraciətləri də 1.873 milyon olaraq gözləntilərdən bir qədər aşağı nəticələnib (gözlənilən: 1.880 milyon). Bu vəziyyət əmək bazarının dayanıqlı və güclü olduğuna işarədir və bu da Federal Ehtiyat Sisteminin (FED) pul siyasətində daha sərt mövqe sərgiləməsinə imkan verə bilər.
İstehsalçı qiymət indeksinin (İQİ) aylıq göstəricisi oktyabrda 0.2% artaraq 0.3%-ə çatıb. İllik göstərici isə 2.4%-dir və bu da inflyasiyanın hələ də gözləntiləri üstələdiyini göstərir. Əsas İQİ (yəni qida, enerji və nəqliyyat çıxılmaqla) aylıq 0.3% artıb, illik isə 3.5%-ə çataraq analitikləri təəccübləndirib. Bu, istehsal sektorunda qiymətlərin yüksəldiyini və inflyasiya təzyiqlərinin davam etdiyini göstərir.
Artan istehsalçı qiymətləri istehlak bazarına da təsir edə bilər, çünki istehsalçılar artan xərclərini istehlakçılara ötürmək ehtimalındadırlar. Bu da ABŞ-da inflyasiya ilə bağlı narahatlıqların artmasına səbəb olur və FED-in faiz endirimlərini dayandırmasına səbəb ola bilər.
Bu iqtisadi göstəricilər dolları gücləndirir. DXY indeksinin 107 səviyyəsinə yüksəlməsi, dolların digər valyutalara nisbətən gücləndiyini göstərir. Tramp administrasiyasının gözlənilən proteksionist iqtisadi siyasətləri, xüsusilə də ticarət tarifləri və immiqrasiya ilə bağlı sərtləşdirilmiş siyasətlər, inflyasiya təzyiqlərini artıraraq FED-in faizləri daha uzun müddət ərzində yüksək saxlama ehtimalını artırır. Belə olan halda dolların güclənməsi qlobal bazarlara da təsir edir, xüsusilə də digər ölkələrin valyutaları dollar qarşısında dəyər itirir.
Artan inflyasiya təzyiqləri istiqraz gəlirlərini də artırır. ABŞ dövlət istiqrazlarının gəlirləri artmaqda davam edir, çünki investorlar artan inflyasiya və FED-in sərt mövqedə dayanma ehtimalını nəzərə alaraq istiqraz bazarına daha çox maraq göstərirlər. İstiqraz gəlirlərinin artması dolları dəstəkləyərək qeyri-yieldli (məsələn, qızıl kimi) aktivlərə olan marağı azaldır.
ABŞ iqtisadiyyatının güclü olması və Tramp administrasiyasının sərt iqtisadi siyasətləri, FED-in faiz endirimlərini təxirə salmasına səbəb ola bilər. Bu, dolları gücləndirir və istiqraz gəlirlərini artırır. İnvestorlar daha çox dollar və istiqraza yönəlir, bu isə digər valyutaların və qızıl kimi sərmayə alətlərinin dəyərinin azalmasına səbəb ola bilər. Hazırkı bazar şəraitində dolların güclənməsi və istiqraz gəlirlərinin artması qlobal maliyyə bazarlarına əhəmiyyətli təzyiqlər göstərir və investorları ehtiyatlı addımlar atmağa məcbur edir.