Dünya bazarlarında neft qiymətləri kəskin ucuzlaşıb. Çərşənbə günü WTI markalı xam neftin bir barelinin qiyməti 4%-dən çox azalaraq son üç həftənin ən aşağı həddi – 58.42 dollara düşüb. Bu eniş ardıcıl üç sessiyadır davam edən artım dalğasını yarıda qoydu. Qiymətlərin belə kəskin düşməsinə əsas səbəb kimi OPEC-in yeni bazar proqnozu göstərilir. Təşkilat üçüncü rüb üzrə əvvəlki kimi “defisit” deyil, əksinə gündəlik 500 min barel həcmində “artıq təklif” (surplus) olduğunu açıqlayıb.
Yeni hesabatda OPEC dünya bazarında balansın pozulmasının əsas səbəbləri arasında ABŞ-da gözləniləndən daha yüksək hasilat və OPEC daxilində bəzi üzvlərin istehsalı artırması kimi amilləri göstərib. Məsələn, ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) bu gün açıqlayacağı aylıq hesabat da bazarın diqqət mərkəzindədir. Eyni zamanda, sabah dərc olunacaq Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatı qiymətlərin yaxın dövrdə hansı istiqamətdə hərəkət edəcəyinə işıq tutacaq.
IEA son açıqlamalarında diqqətçəkən məqam odur ki, qurum artıq “neft tələbatının zirvəyə çatdığı” fikrindən bir qədər uzaqlaşıb. Onların yeni proqnozuna görə, qlobal neft tələbi 2050-ci ilə qədər arta bilər, bu isə uzunmüddətli perspektivdə qiymətlər üçün dəstək yarada bilər.
Digər tərəfdən, ABŞ-ın Rusiyanın aparıcı neft şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar artıq təsirini göstərməkdədir. Məsələn, “Lukoil” şirkəti İraqdakı yataqlardan birində “force majeure” (məcburi dayandırma) elan edib. Bu, Rusiya ixracının bir hissəsini ləngidə bilər, lakin bazarda yaranan ümumi artıqtəklif bu təsiri azaldır.
Analitiklərə görə, texniki baxımdan WTI üçün 58 dollar səviyyəsi vacib dəstək nöqtəsidir. Bu səviyyənin altında sabitləşmə baş verərsə, növbəti hədəf 56.8 – 55 dollar aralığı ola bilər. Əks halda, qısamüddətli korreksiya ilə qiymət yenidən 60–61 dollar səviyyəsinə doğru hərəkət edə bilər.
Fundamental tərəfdən isə vəziyyət hələ də zəif görünür: artıq hasilat, zəifləyən tələbat və ehtiyatların artması qiymətlər üçün mənfi fond yaradır. Lakin geosiyasi gərginlik və potensial hasilat kəsintiləri bazarı növbəti həftələrdə yenidən yuxarı çəkə bilər.
Neft bazarı hazırda həm təklif bolluğu, həm də qlobal iqtisadi qeyri-müəyyənlik arasında sıxışıb. OPEC və IEA qarşıdakı günlərdə açıqlayacağı məlumatlar qiymətlərin istiqamətini müəyyən edəcək əsas amil olacaq. Hazırkı mənzərə göstərir ki, “qara qızıl” hələ bir müddət dalğalı və dəyişkən bazarda yol alacaq — bəzən geosiyasət, bəzən də iqtisadi reallıqların sərt küləkləri altında.