Almaniyada topdansatış qiymətləri artmaqda davam edir. 2025-ci ilin oktyabr ayında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 1.1% yüksəlib. Bu, ardıcıl 11-ci aydir ki, ölkədə topdansatış səviyyəsində bahalaşma müşahidə olunur. Sentyabrda artım 1.0% idi, yəni son məlumatlar qiymət təzyiqinin hələ də azalmadığını göstərir.
Bahalaşmanın əsas səbəbləri sırasında qida, içki və tütün məhsulları dayanır. Bu kateqoriyada qiymətlər illik əsasda 3.5% artıb. Ən kəskin bahalaşma isə qəhvə, çay, kakao və ədviyyatlar üzrə qeydə alınıb – bu məhsulların qiymətləri 20.8% yüksəlib. Ardınca şəkər və çörək-bulka məmulatları (+13.0%), həmçinin ət məhsulları (+9.4%) gəlir.
Sənaye sektorunda da müəyyən təzyiqlər hiss olunur: rəngli metal və filizlər üzrə qiymətlər 26.3% artaraq, istehsal xərclərini bir qədər də yüksəldib.
Bununla belə, bəzi məhsul qruplarında qiymət enişləri qeydə alınıb. Tullantı materiallarının qiyməti 8.6%, taxıl və yem məhsullarının dəyəri 7.3%, maşın avadanlıqlarının qiyməti isə 4.0% azalıb. Neft məhsullarında da 2.1% eniş müşahidə olunur. Bu göstəricilər enerji bazarlarında sabitləşmə və kənd təsərrüfatında nisbətən bol məhsuldarlığın qiymətlərə təsir etdiyini göstərir.
Topdansatış qiymətləri aylıq müqayisədə də artım göstərib – 0.3% yüksəlişlə fevraldan ən yüksək aylıq göstərici qeydə alınıb. Analitiklər bu artımın 0.1% səviyyəsində olacağını gözləyirdilər, lakin nəticə proqnozlardan xeyli yüksək çıxdı.
İqtisadçılar hesab edirlər ki, topdansatış qiymətlərindəki bu artım istehlak bazarına da ötürülə bilər. Yəni yaxın aylarda Almaniyada pərakəndə qiymətlərin və inflyasiyanın yenidən yüksəlməsi istisna olunmur. Əsas risklər kimi qida məhsulları üzrə təchizat zəncirindəki xərclər, eləcə də metal bazarlarında qeyri-sabitlik göstərilir.
Nəticə etibarilə, Almaniya iqtisadiyyatı üçün qiymət sabitliyi hələ də tam bərpa olunmayıb. Tendensiya davam edərsə, Avropa Mərkəzi Bankı yenidən pul siyasətini sərtləşdirmək təzyiqi ilə üzləşə bilər — bu isə həm Almaniya, həm də Avrozonanın ümumi iqtisadi bərpası üçün çətin sınaq olacaq.